"İrəli" yeni sədrini seçdi

"İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransın katibliyi və say komissiyasının üzvlərinin səsverməsi keçirildikdən sonra "İrəli" İB-nin son 2 il ərzindəki fəaliyyətinə dair hesabatı dinlənilib. Bildirilib ki, hesabat dövründə təşkilata 8432 yeni üzv qəbul olunub. Birlik tərəfindən 28 onlayn aksiya təşkil edilib, 412 yeni layihə, o cümlədən 43 beynəlxalq layihə həyata keçirilib. Ümumən həyata keçirilən layihələrdə 65 min nəfər, xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə isə 231 təşkilat üzvü iştirak edib.

 

APA TV-nin xəbərinə görə, sonra konfransda qonaq qismində iştirak edən şəxslər çıxış edərək təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, "İrəli"nin Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsində əldə edilən uğurları xüsusi vurğulayıblar. Bildirilib ki, təşkilatın yeni seçiləcək heyəti ölkədə çatışmazlıqlara, ideoloji işlərə daha çox diqqət yetirməli, Heydər Əliyevin təməlini qoyduğu prinsiplərə sadiq olmağı, eləcə də birliyin fəaliyyət sahəsini və əhatə dairəsini daha da genişləndirməlidirlər.

 

Daha sonra "İrəli" İctimai Birliyinin Mərkəzi Nəzarət-Təftiş Komissiyası üzvlüyünə səsvermə keçirilib. Bundan sonra "İrəli" İctimai Birliyinin sədri vəzifəsinə namizədlər irəli sürülüb. Əvvəlki sədr Rauf Mərdiyev yenidən namizəd olmaq istəməyib. "İrəli" İctimai Birliyinin sədri vəzifəsinə səsvermə zamanı təşkilat üzvləri yekdilliklə Mirhəsən Seyidovu təşkilatın yeni sədri seçiblər. Bununla da "İrəli" İctimai Birliyinin IV Hesabat-Seçki Konfransına yekun vurulub. Qeyd edək ki, Mirhəsən Seyidov bundan əvvəl Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının (ARGTMŞ) sədr müavini vəzifəsində fəaliyyət göstərib.

 

Müəllif | Apa.Tv