Əli Həsənov: "Fanatcasına yalnız dövlətə bağlanılmalıdır"

"Əqidəsizlik yolverilməzdir".

 

APA TV-nin xəbərinə görə, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "İrəli" İctimai Birliyinin IV hesabat-seçki konfransındakı çıxışında deyib ki, hər bir gəncin dövlətçilik əqidəsi, dövlətçilik amalı olmalıdır: "Hər bir gənc nə etdiyinin, hara getdiyinin fərqində olmalıdır. İdeyasızlıq sadəcə olaraq fanatcasına bir istiqamətə getmək gəncləri ən pis istiqamətə aparan bir yoldur. Fanatcasına heç nəyə bağlanmaq olmaz. Fanatcasına yalnız dövlətə bağlanılmalıdır ki, bu dövlət bizimdir və nə ilə olursa, olsun qorumaq lazımdır. Amma istənilən fəaliyyətin təməlində şüurlu yanaşma olmalıdır. Hər bir insan, hər bir fəaliyyəti dəyərləndirməlidir ".

 

Əli Həsənov hesab edir ki, istənilən cəmiyyətdə, xüsusilə, gənclik üçün ən yolverilməz fəaliyyət ideyasızlıqdır. O əlavə edib ki, hər bir gəncin borcu daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təzyiqlərdən qorunma işində öz çiyinlərini bu yükün altına vermək və ölkəmizə sahib çıxmaqdır.

 

Onun sözlərinə görə, Azərbaycan gəncliyi öz Prezidenti ətrafında sıx birləşməli, milli təəssübkeşlik, vətənpərvərlik nümunəsi ortaya qoymalı, onu öz təsiri altına salaraq, şəbəkələşdirərək milli dövlətçiliyimizə qarşı yönəltməyə çalışan xarici qüvvələrə və onların buradakı vassallarına dirəniş göstərməyi və layiqli cavab verməyi bacarmalıdır.

 

Müəllif | Apa.Tv