Nuşirəvan Məhərrəmli: “Xəbər proqramlarında ana dilinin normaları ilə bağlı nöqsanlar var”

 “Şura olaraq biz televiziya kanallarında bir sıra monitorinqlər keçirmişik və nəticələri ictimaiyyətə açıqlamışıq. Telekanallarda Bədii Şuralar ilkin olaraq öz müsbət nəticəsini göstərdi və hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. Azərbaycan dilinin düzgün inkişafı ilə bağlı məsələ təkcə bizim qurumun məsələsi olmamalıdır. Bu işdə bizə Təhsil Nazirliyi də köməklik göstərməlidir”. Bu fikirləri "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən tədbirdə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

 

"Televiziyalarda Bədii Şuraların olması vacibdir. Azərbaycan teleməkanında Ana dilinin normaları gözlənilir. Lakin bəzi istisnalar var. Bu istisnalar daha çox xəbərlər proqramında gedən nöqsanlarla bağlıdır. Bu sahədə nitq mədəniyyəti ilə məşğul olan mütəxəssis işləməlidir. Biz ana dilinin leksik və fonetik tələblərinin qorunması istiqamətində monitorinqlər aparırıq. Bu monitorinqlər bəzi nöqsanların aradan qaldırılmasına kömək edir".

 

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, rəhbərlik etdiyi qurum Dövlət Proqramının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirib.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, müstəqillikdən sonra Azərbaycan dilinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib, sənədlər qəbul olunub: “Azərbaycan dilinin mətbuat orqanlarında düzgün işlədilməsinə nəzarət Mətbuat Şurasının daim diqqət mərkəzindədir və hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi bu sahədə olan problemlərin aradan qalxmasına kömək edəcək”.

 

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının monitorinq şöbəsinin əməkdaşı İlham Abbasov və başqaları Azərbaycan dilinin KİV-də istifadəsi haqqında fikirlərini bildiriblər, mövcud olan problemlərə toxunublar.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı