Masallıda mal-qara oğrusu yaxalandı
Masallı rayonunda 5 baş iribuynuzlu heyvanı oğurlayan şəxs yaxalanıb. Rayonun Tatyanoba kənd sakini Hacıbaba Əvəz oğlu Mustafayev iyunun 26-da polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus 5 baş iribuynuzlu mal-qaranın yaşadığı kənddə yerləşən otlaq sahəsindən naməlum şəxs və şəxslər tərəfindən oğurlandığını bildirib. Rayon Polis Şöbəsinin müstəntiqi Anar Xəlilov APA TV-nin cənub bürosuna bildirib ki, isti izlərlə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində heyvanları rayonun Bambaşı kənd sakini Emin Zabil oğlu Zeynalovun oğurladığı məlum olub. Oğurlanmış iribuynuzlu mal-qara maddi-sübut kimi götürülüb. İlkin dindirmə zamanı törətdiyi əməli boynuna alan Emin Zeynalov oğurladığı 5 baş iribuynuzlu mal-qaranı tanışı, rayonun Böyük Xocavar kənd sakini Elnur Cəfər oğlu Təhməzova satdığını bildirib. Polis əməkdaşları Elnur Təhməzovu da şübhəli şəxs qismində saxlayıb. Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar aparılır.