Lənkəran və Masallı sakinlərinin evləri yandı
Lənkəranda iki ailənin yaşadığı evdə güclü yanğın olub. Yanğın iyunun 27-də saat 23.00 radələrində rayonun İstisu qəsəbə sakinləri Adil Xanbəy oğlu Nağıyev və Şamama Sirab qızı Kərimovaya məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb. Yanğın əvvəlcə Şamama Kərimovanın ailəsinin yaşadığı evdən başlayıb. Daha sonra əhatə dairəsini genişləndirərək Adil Nağıyevin ailəsinin yaşadığı əraziyə keçib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Onların səyi nəticəsində yanğın lokallaşdırılmaqla onun yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 189 kv.m olan evin 78 kv. m ərazisi içindəki məişət avadanlıqları ilə birlikdə yanaraq yararsız hala düşüb. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Analoji hadisə Masallıda da qeydə alınıb. Rayonun Çayqırağı kənd sakini, 76 yaşlı Mikayıl Əlinağı oğlu Hüseynova məxsus fərdi yaşayış evində güclü yanğın baş verib. Hadisə yerinə Masallı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi ilə birlikdə 4 yanğınsöndürən maşını cəlb olunub. Onların operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınsa da, ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 4 otaqlı kürsülü ev içindəki əşyalarla ilə birlikdə tamamilə yanaraq kül olub. İlkin versiya kimi yanğının elektrik naqillərində yaranan qısaqapanma nəticəsində əmələ gəldiyi ehtimal olunur.