Masallıda yük maşını ilə "Jiquli" toqquşdu, bir yaralı var

Masallıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə ötən gecə saat 21.00 radələrində Lənkəran-Boradigah şosesinin Masallı rayonunun Türkoba kəndi ərazisindən keçən hissəsində baş verib. Boradigah qəsəbə sakini, 26 yaşlı Turqut Zülfüqarov idarə etdiyi “VAZ 21011” markalı avtomaşınla Lənkəran istiqamətində hərəkətdə olarkən, qarşıdan gələn 45 yaşlı Lənkəran rayon sakini Mehman Əliyevin idarə etdiyi “QAZ 66” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “VAZ 21 011” markalı avtomaşın deformasiyaya uğrayıb. Sürücü Turqut Zülfüqarov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. İlkin versiyada qəzanın baş verməsinə səbəb kimi, "QAZ 66" markalı avtomaşının dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilir. Hazırda qəzanın baş verməsinin dəqiq səbəbləri araşdırılır.
 

Müəllif | Apa.Tv