Şəkidə imkanlı ata 3 uşağı olan oğlunun evini qəsdən yandırdı

Şəkidə ata oğlunun yaşadığı evi yandırıb. APA TV-nin məlumatına görə, hadisə rayonun Baş Layısqı kəndinin Qumux qəsəbəsində, Rafiq Xəlilovun yaşadığı evdə qeydə alınıb. Bir otaq və bir eyvandan ibarət kürsülü fərdi yaşayış evinin ümumi sahəsi 40 kvadrat metr olub. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Qax rayonlarından texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev içərisindəki əşyalarla birlikdə yanaraq kül olub. Evə bitişik alaçıq və həyətyanı sahədə olan digər yaşayış evi yanğından mühafizə olunub. Rafiq Xəlilovun verdiyi məlumata görə, yanan ev sənədlə Rafiq Xəlilovun atası 61 yaşlı İsa Xəlilova məxsusdur.

"Ailəmlə birgə yaşayırdım. 3 uşağım var, böyük birinci sinfə gedir. Evi atam qəsdən yandırıb, məni evdən çıxartmaqdan ötrü. Özünün Bakıda evi də var, avtomobili də var. Sadəcə məni istəmir. 1 ildən çoxdur bu davam edir. Çıx deyirdi çıxmırdım".

Rafiq Xəlilovun sözlərinə görə, atası İsa Xəlilov onu əvvəlcə həyətdə olan digər evdən çıxarıb. Son 1 ildə isə bu evdən çıxarmaq istəyib. Qeyd edək ki, Rafiq Xəlilov İsa Xəlilovun birinci ailəsindən olan oğludur. Ata ilə oğul arasında münasibətlər atanın ikinci dəfə evlənməsindən sonra başlayıb.
Faktla bağlı Şəki şəhər-rayon Polis Şöbəsi və FHN-nin Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsində araşdırma aparılır.
 
 

Müəllif | Apa.Tv
Vüqar Heydərov