ARDNŞ-in təlim mərkəzlərinə qəbul imtahanı keçirildi

2014/2015-ci tədris ili üçün iyunun 28-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) qəbul komissiyası tərəfindən təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili və Qobustan regional təlim mərkəzlərinə şagird qəbulu müsabiqəsinin üçüncü mərhələsi çərçivəsində test imtahanları keçirilib. APA TV-nin məlumatına görə, imtahanlarda 1000 nəfərdən artıq abituriyent iştirak edib. Dövlət Neft Şirkətinin Təlim Tədris Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov bildirib ki,  2014/2015-ci tədris ili üçün mərkəzlərə 14 ixtisas üzrə 257 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Təlim tədris mərkəzində tədris müddəti bir ildir və mərkəzi bitirən hər bir məzuna sertifikatlar təqdim edilir.


"İmtahandan keçən şəxslər Dövlət Neft Şirkətinin vəsaiti hesabına 10 ay təhsil alacaqlar. Eyni zamanda iki ay ARDNŞ-nın struktur bölmələrində ixtisaslar üzrə istehsalat təcrübəsi keçəcəklər. Daha sonra məzunlar  ARDNŞ-nın kadr ehtiyat bazasında yerləşdiriləcəklər və vakansiya tələb olunduğu halda həmin məzunlardan işə cəlb ediləcəklər".

 

Qeyd edək ki, 2012-ci ildən etibarən yaşı 29-a qədər olan oğlanlarla yanaşı qızlar da müsabiqədə iştirak edə bilərlər. Bu il müsabiqədə 119 nəfər qız iştirak edib.

 

Müsabiqədə tam orta ixtisas təhsilli gənclərlə yanaşı, ali, orta-texniki və texniki-peşə təhsilli gənclər də iştirak edir. Müsabiqə yaşayış yerindən və qeydiyyatından asılı olmayaraq Azərbaycan respublikasının bütün bölgələrini əhatə edir.    

 

Müəllif | Apa.Tv