Bahar Muradova ATƏT PA-nın prezidentinə və ABŞ senatoruna: "Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz?"
Bakıda ATƏT Parlament Assambleyası (PA) Daimi Komitəsinin iclası başlayıb. İclasda çıxış edən ATƏT PA-nın prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapiç bildirib ki, ATƏT PA parlament demokratiyasının mənbəyidir. "Qurum daxilində siyasi proseslər düzgün qurulmalıdır" deyən PA-nın prezidenti vurğulayıb ki, ATƏT Avropada sülh və sabitliyin əsas sütunlarından biridir. APA TV-nin məlumatına görə, daha sonra Assambleyanın Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsi üçün Finlandiyadan olan məruzəçi Pia Kaumanın hazırladığı “Silahlı qüvvələr üzərində nəzarət və Vyana sənədi” adlı məruzə dinlənilib. Sənəddə regional konfliktlərin ATƏT üçün əlavə çağırışlar yaratdığı qeyd edilib. Dağlıq Qarabağ, eləcə də Gürcüstan və Moldova ərazisindəki münaqişələrə toxunulmadığı məruzədə Rusiyanın Krımı ilhaq etməsinə geniş yer ayrılıb. İclasda həmçinin münaqişələrlə bağlı hissədə ATƏT PA-nın prezidenti Ranko Krivokapiç ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbərinin müavini, senator Benjamin Kardinin Ukrayna məsələsi ilə bağlı Rusiya əleyhinə sessiyaya təqdim etdiyi qətnamə layihəsini müzakirəyə çıxarıb. Qətnamə layihəsində Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti pislənilir, dərhal Krımın azad olunması tələb olunur, əks halda Rusiyaya ciddi sanksiyaların tətbiq edilməsi nəzərdə tutulur. İclasda qətnaməyə ilk reaksiya Azərbaycandan gəlib. Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova qətnamə layihəsinə etiraz edib. O, qeyd edib ki, münaqişələr mövzusunda belə qətnamənin qəbulu ədalətsizdir. Onun sözlərinə görə, regionda konfliktin həlli ilə bağlı qətnamə qəbul edilirsə, regiondakı bütün münaqişələr nəzərdə tutulmalıdır. "Niyə Dağlıq Qarabağ münaqişəsini unudursunuz? Onsuz da 22 ildir, məhz ABŞ da daxil olmaqla ATƏT bir nəticəyə gələ bilmir. Bu qətnamə layihəsi indiki halda məhdud məzmunludur, birtərəflidir və regiondakı konfliktləri tam əhatə etməyib. Ona görə də indiki halda sənədin qəbulunun tam əleyhinəyik ". İclas müzakirələrlə davam edib.