Elxan Süleymanov: “Ann Brassör, Andreas Qross, Mayk Maknamaranın niyyətlərini puça çıxdı”
"Azərbaycanda "siyasi məhbus probleminin" qurumun İnsan haqları komitəsində yenidən müzakirəyə çıxarılması Azərbaycana qarşı təzyiqlərin, ayrı-seçkiliyin və ikili standartların bariz nümunəsidir. Cəmi bir il əvvəl Ştrasserin qondarma siyasi məhbus məruzəsi darmadağın edildiyi halda, indi yenidən belə bir sevdaya düşmək ikili standartlar siyasətindən də o yana olan bir mövqe, Azərbaycana qarşı düşmən mövqeyidir”.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Elxan Süleymanov AŞPA-nın yay sessiyasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında Azərbaycanın Avropa Şurasına sədrliyi: insan hüquqları ilə bağlı nə edilməlidir?” qətnamə təklifinə belə münasibət bildirib.
Elxan Süleymanov Siyasi Komitədə bu məsələ ilə əlaqədar 2 namizədin - Ermənistan nümayəndə heyətinin xüsusilə dəstəklədiyi Pyeter Omtziyg və Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramuntun namizədliyinin irəli sürüldüyünü deyib.
“Səsvermə nəticəsində Pedro Aqramuntun 29:19 üstünlüyü ilə qalib gəlməsi sədr Ann Brassör, Andreas Qross, Mayk Maknamara və digər anti-azərbaycan təbliğatçılarının niyyətlərini puça çıxarıb”.
Millət vəkili sessiya çərçivəsində onun müəllifliyi ilə təqdim olunmuş və 14 dövləti təmsil edən 58 AŞPA üzvü tərəfindən imzalanmış "Azərbaycan ərazilərini silahlı işğal altında saxladığına görə Ermənistana qarşı sanksiyalar tətbiq edilməsinə dair" qətnamə layihəsinin də müzakirə edildiyini bildirib.
Elxan Süleymanov bildirib ki, AŞPA-da Rusiya nümayəndə heyətinə qarşı olduğu kimi, Ermənistana da eyni sanksiyaların tətbiqini nəzərdə tutan qətnamə layihəsini qəbul etdirməyə çalışarkən hər cür təzyiqlərlə üzləşib. Onun sözlərinə görə, qətnamə layihəsinə iyunun 22-də Sədarət Komitəsində baxılıb və belə bir konsensus əldə olunub ki, məsələ ilə bağlı məruzəçinin təyin olunmasına dair sənəd Büroya göndərilsin. Lakin məsələyə AŞPA-nın baş katibi Savitski qarışıb və prosedur əngəlləri yaratmaqla qətnamə layihəsinin Büroda müzakirəsinin qarşısını almağa çalışıb.