Lənkəranda Türkiyə vətəndaşının kirayədə qaldığı ev yanıb

Lənkəranda yaşayış evi yanıb. APA TV-nin  cənub bürosunun məlumatına görə, hadisə şəhərin  Kiçik Bazar ərazisində, Heydər Əliyev prospektində yerləşən Sədaqət və Üsarə Bədəlovalara məxsus fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.  Onların səyləri ilə yanğın qısa müddət ərzində ram edilib.  Yanğın zamanı xəsarət alan olmasa da, ümumi sahəsi 164 kvadrat metr olan evin 38 kvadrat metr ərazisi, eləcə də qonşu evin 3 kvadrat metr sahəsi içindəki məişət əşya və avadanlıqları ilə birlikdə yanaraq yararsız vəziyyətə düşüb. Məlumata görə, yanğın baş verən zaman evdə heç kim olmayıb. Qonşuların sözlərinə görə, evin sahibi mənzili kirayə verib. Kirayədə yaşayan şəxs isə ötən gün Türkiyəyə gedib. İlkin versiya kimi yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv