FHN Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi keçirib
Qəbələdə “Gənc xilasedici və yanğınsöndürən” adlı III respublika birinciliyi və "Gənc xilasedici" II beynəlxalq yarış başa çatıb. APA TV-nin məlumatına görə, bağlanış mərasimində fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov iştirak ediblər.
Nazir Kəmaləddin Heydərov yarışın keçirildiyi çadır düşərgəsində bütün komandaların üzvləri ilə görüş keçirib, onların geyimi, fiziki və taktiki hazırlığı, və qidalanması üçün yaradılmış şəraitlə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıb.
Qəbələ Mədəniyyət Mərkəzində yarış iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və gənc nəslə hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliğindən ibarətdir.
Yarışın iştirakçısı olan 16 şəhər və rayonun komandası, eləcə də Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus və Gürcüstandan olan təmsilçilər beş mərhələdə - “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Gənc ekspertlər” üzrə birincilik uğrunda mübarizə aparıb. Sonda qalib komandalara qiymətli hədiyyələr, fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
Beynəlxalq yarışda birinci yeri Rusiya, ikinci yeri isə Azərbaycan komandası tutub. Nazir Kəmaləddin Heydərov gənc xilasedicilərə uğurlar diləyib.