Azərbaycan prezidenti: “Əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir”

"Siyasi və iqtisadi islahatların həyata keçirilməsi ölkəmizdə sabitlik yaradıb. Demokratik təsisatlar artıq Azərbaycanda tam şəkildə fəaliyyət göstərir”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT Parlament Assambleyasının Bakıda keçirilən sessiyasının açılış mərasimindəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda ifadə, toplaşmaq və digər azadlıqlar təmin olunub, İnternet azaddır, ölkə əhalisinin yarıdan çoxu İnternet istifadəçisidir.


"Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir, yoxsulluq 5 faizə düşüb. Son 10 il ərzində Azərbaycan iqtisadiyyatına 170 milyard dollar sərmayə qoyulub. Hökumət Azərbaycan iqtisadiyyatını şaxələndirmək istiqamətində çalışır.

Təhsilin radikalizmə, ekstremizmə, ksenofobiyaya qarşı mübarizə aparmaq sahəsində əhəmiyyətli olduğunu diqqətə çatdıran dövlət başçısı Azərbaycanda etnik, dini ayrı-seçkilik tətbiq olunmadığını vurğulayıb.

Prezident İlham Əliyev deyib ki, əsas məsələ beynəlxalq təşkilatların qərarlarının həyata keçirilməsidir.

Ermənistan BMT-nin, ATƏT-in Azərbaycanın işğal olunmuş torpaqları, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərarlarına, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatların da məhəl qoymur. Etimadın bərpa olunması üçün Ermənistan qoşunlarını işğal olunmuş Azərbaycan torpaqlarından çıxarmalıdır”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan enerji resursları istehsal edən ölkə kimi bir marşrutdan asılı deyil və ölkəmiz Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Azərbaycan Cənub Qaz Dəhlizinin mühüm təşəbbüskarıdır.

“Azərbaycan Trans-Anadolu, Trans-Adriatik, “Şahdəniz” layihələrini həyata keçirilməkdədir. Bunlar Avropanın gələcək enerji xəritəsini tamamilə dəyişəcək. Əslində enerji diplomatiyası, maraqların balansı uğur üçün əsas şərtdir. Şadam ki, tərəfdaşlarımızla belə tarixi layihəni həyata keçirəcəyik”.

Prezident İlham Əliyev deyib ki, bu gün Azərbaycanda keçirilən sessiyada iştirak edənlərin ölkəmiz haqqında obyektiv məlumatlar əldə edəcəyinə, xoş təəssüratlarla ayrılacağına inanır.

Müəllif | Apa.Tv
Apa.tv