Mövlud Çavuşoğlu: “ABŞ-la Rusiya istəsəydi, Dağlıq Qarabağ münaqişəsi çoxdan həll olunmuşdu”

“Əgər Minsk Qrupunun üzvləri ABŞ və Rusiya birlikdə istəsəydi, Dağlıq Qarabağ münaqişəsi artıq həllini tapmışdı”. Bu fikirləri Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin çözülməsi üçün bu günə qədər ATƏT-in Minsk Qrupunun, beynəlxalq aktyorların səmimi səyləri olmayıb.

“Dağlıq Qarabağ münaqişəsi səbəbindən qadınlar, uşaqlar qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın işğal edilmiş torpaqlarında qətliamlar, Xocalı soyqırımı baş verdi. Bu münaqişənin tezliklə çözülməsi lazımdır. Avropa Birliyi ölkələrinin təmsilçiləri zamanında münaqişənin həllində səmimi səy göstərmədi, indi bunun bəzi mənfi təsirlərini özləri də görür”.

İraqda türkmənlərlə bağlı vəziyyətə toxunan türkiyəli nazir hazırda 80 türk vətəndaşının İraq Şam İslam Dövləti terror qruplaşması tərəfindən əsir götürüldüyünü və bu insanların həyatı üçün təhlükənin yaranmaması üçün diqqətlə davranıldığını deyib.

“İraqda yaranmış vəziyyət türkmən qardaşlarımızı da narahat edir. Türkiyənin sərhədləri türkmənlər üçün də açıqdır. Türkmənlərin yetkililəri Türkiyəyə də gəldilər, onlarla danışıqlarımız davam edir. Türkmənləri yalnız qoymağımız mümkün deyil”.

Onun sözlərinə görə, Türkiyə hökuməti bu məsələyə həssaslıqla yanaşır, türkmənlərin həyatı üçün təhlükə olmasın deyə bütün rəsmilərlə görüş keçirir.

Müəllif | Apa.Tv
Apa.tv