Sergey Narışkin: "Qərb mənim adımı niyə qara siyahıya salıb?"
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin və Ukrayna Ali Radasının vitse-spikeri Ruslan Kaşulinski Bakıda keçirilən ATƏT Parlament Assambleyasının 23-cü yay sessiyasındakı plenar iclasda Ukrayna problemi ilə bağlı danışıblar.
Sergey Narışkin bildirib ki, yalnız səmimi və açıq dialoq Ukraynadakı vəziyyəti sabitləşdirəcək, vətəndaş barışığına aparacaq.
“Ən başlıca məqsəd insan təhlükəsizliyi və xalqların öz müqəddəratını həll etməsidir. Bütün bəlaların səbəbini Rusiyanın üstünə yıxmaqla münaqişənin, problemin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil. Nəzərə alsaq ki, bu yeni başlayan problemdir. Amma Rusiyanı səs hüququndan məhrum etməklə siz bəzi cəzaverici tədbirlərin aktivləşməsinə səbəb oldunuz”.
Onun sözlərinə görə, Rusiya Ukrayna xalqına və prezident Poroşenkoya vəziyyəti düzəltmək üçün kömək etməlidir.
O, Qərbin danışıqlardan çox Rusiyanı kəskin addımlar atmağa vadar etməkdə ittiham edib: Bizim bir sıra diplomatlarımızı, o cümlədən məni də özlərinin qara siyahılarına salıblar. Nəyə görə? Ona görə ki, bir milyondan çox krımlının səsinə səs verib onları, tarixi torpaqlarımızdakı soydaşlarımızı qanlı qırğından xilas etdik? Biz qonşuluğumuzda, tarixi torpaqlarımızda qırğınların təkrarlanması üçün ABŞ-a və Qərbə imkan verə bilmərik.
Ukrayna Ali Radasının vitse-spikeri Ruslan Kaşulinski ölkəsinin arqumentlərini açıqlayıb: “Rusiyanın əməlləri sayəsində Krımda və Ukraynanın şərqində vəziyyət kəskinləşib. İnsan oğurluğu, müxtəlif separatçı cinayətlər BMT və digər beynəlxalq təşkilatlar tərəfindən də təsdiqlənib. Biz təcavüzə məruz qaldıq. Ali Radanın deputatı, xalqının lideri Mustafa Cəmil öz doğma torpağında arzuolunmaz şəxs elan olunub, ora buraxılmır. Hansı ədalətdən söhbət gedir burada?”
Ukraynalı vitse-spiker hesab edir ki, gərginliyin aradan qaldırılması üçün hadisələri törədən separatçılara Rusiyanın dəstəyinə dərhal son qoyulmalıdır.