Qəbələdədə kikboksinq turniri başlayır

Qəbələ Olimpiya Kompleksində təşkil olunacaq kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə əlaqədar mətbuat konfransı keçirilib. APA TV-nin məlumatına görə “Qafqaz Sport” otelində keçirilən tədbirdə yarışın baş meneceri Dennis Krauvell əvvəlcə "Qəbələ" İdman Klubu ilə əlaqələri barədə danışıb. O bildirib ki, reytinq xarakterli döyüşlər keçirən "Glory" ilə əməkdaşlığa başlanılıb. Həmin əməkdaşlıq nəticəsində güclü idmançılar üzə çıxardıqlarını deyən Dennis Krauell onların beynəlxalq arenada kifayət qədər tanındıqlarını vurğulayıb. "Çalışdıq ki, "Qəbələ" klubunda yetişən idmançıları da "Glory"yə cəlb edək. İlk növbədə, azərbaycanlı idmançıları yüksək səviyyəyə çatdırmağa çalışmalıyıq. Bir çox ölkədən müxtəlif döyüşçüləri bir araya gətirməyə çalışdıq. Bəziləri burada özlərini göstərərək yüksək səviyyəyə qalxmağa hazırdırlar".  Baş menecer Dennis Krauvell iyunun 29-da keçiriləcək yarışda tamaşaçıları bir-birindən maraqlı döyüşlərin gözlədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaq: Daniel Korbeanu (Rumıniya) - Rahim Əliyev (Azərbaycan), Roman Mayılov (Ukrayna)-Matyuş Kopyek (Polşa), Quo Xianfenq (Çin)-Ramal Aslanov (Azərbaycan), Yuri Kel (Almaniya)-Telman Süleymanov (Azərbaycan), Teo Mikeliç (Xorvatiya)-Tadas Jonkus (Litva). Sonra isə ağır çəkidə olan idmançıların 4 döyüşü olacaq. Erkan Varol (Türkiyə)-Albert Kraus (Hollandiya), Camal ben Saddiq (Mərakeş)-Hesdi Greqes (Misir), Lim Çi Bin (Cənubi Koreya)-Mosab Amrani (Mərakeş), Jiao Fukai (Çin)-Pərviz Abdullayev (Azərbaycan). "Qəbələ" İdman Klubunun Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov klub nəzdində təkcə futbol deyil, digər növlərin də fəaliyyət göstərdiyini söyləyib. O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağını bildirib. Səməd Nəsibov bütün döyüş iştirakçılarına uğurlar arzulayıb.


***

Braziliya millisi növbəti mərhələdə

 

Braziliyanın futbol millisi dünya çempoinatının 1/8 final mərhələsində Çili yığmasını məğlub etdi. APA TV-nin məlumatına görə, Belu-Orizonti şəhərinin "Maneyrao" stadionunda keçirilən qarşılaşma turnirin ev sahiblərinin oyundan sonrakı penaltilər seriyasındakı 3:2 hesablı qələbəsi ilə başa çatdı. Oyunun əsas vaxtı və əlavə hissələrdə 1:1 hesablı heç-heçə qeydə alındı. Qarşılaşmada hesabı Braziliya millisinin müdafiəçisi David Luis 18-ci dəqiqədə açdı. 32-ci dəqiqədə Çili millisinin hücumçusu Aleksis Sançes hesaba bərabərlik gətirdi - 1:1. Oyunun ikinci hissəsində və 15 dəqiqəlik iki əlavə hissədə qapılara qol vurulmadı. İkinci əlavə hissənin son dəqiqəsində Çili millisi qələbə qolunu vura bilərdi. Amma Maurusio Pinilyanın zərbəsindən sonra top qapının üst dirəyinə dəydi. Oyundan sonrakı penaltilər seriyasına Çili yığması pis başladı. Maurusio Pinilyanın zərbəsini qapıçı qaytardı. Braziliya yığmasından David Luis, Marselo və Neymarın, Çili millisindən isə Çarlez Arangis və Marselo Diasın zərbələri dəqiq oldu. Çili yığmasının futbolçusu Qonsalo Haranın qaçırdığı penalti qarşılaşmanın taleyini həll elədi. Beləliklə, Braziliya millisi çətinliklə də olsa turnirin növbəti mərhələsinə vəsiqə qazandı.
 

Müəllif | Apa.Tv