Suaressiz Uruqvay millisi üçün çempionat bitdi, Kolumbiya 1/4 finalda

Kolumbiya millisi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsinin qarşılaşmasında Uruqvay yığmasını məğlub etdi. APA TV-nin məlumatına görə, Rio-de-Janeyrodakı "Marakana" stadionunda keçirilən oyun kolumbiyalıların 2:0 hesabı ilə başa çatdı. Qalib komandanın heyətində yarımmüdafiəçi Xames Rodriges dubla imza atdı. O, əvvəlcə 28-ci dəqiqədə mükəmməl qolla fərqləndi. Rodriges oyundakı ikinci, dünya çempionatındakı beşinci qolunu ikinci hissədə - qarşılaşmanın 50-ci dəqiqəsində vurdu. Xames Rodriges bu qollarla turnirin ən sərrast futbolçularının siyahısına başçılıq edir. Qeyd edək ki, uruqvaylılar 1/8 final qarşılaşmasına İtaliya millisi ilə oyunda rəqib oyunçunu dişlədiyinə görə cəzalandırılan Luis Suaressiz çıxmışdılar. Beləliklə, Kolumbiya millisi 1/4 final mərhələsinə vəsiqə qazandı. Növbəti mərhələdə kolumbiyalıların rəqibi Braziliya yığması olacaq. Bu qarşılaşma iyulun 5-də keçiriləcək. 

Müəllif | Apa.Tv