Əvvəlki illərin məzunları kolleclərə imtahan verdilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçirib. Abituriyentlərin ərizələrinin qəbulu mayın 12-dən iyunun 13-dək internet vasitəsilə aparılıb. APA TV-nin məlumatına görə, qəbul imtahanı mərkəzləşmiş qaydada respublikanın 14 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Tovuz, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilib. İmtahanda iştirak etmək üçün 14 923 abituriyentin ərizə təqdim edib. Onlardan 5459 nəfərini oğlanlar, 9464 nəfərini qızlar təşkil edir. Ərizə verənlərin 15 nəfəri artıq orta ixtisas təhsil müəssisələrinin məzunları olmuş şəxslər, 14 nəfəri isə ali təhsilli şəxslərdir. 50 abituriyent xarici ölkə vətəndaşıdır. Ən yaşlı abituriyent 1965-ci il, ən gənc abituriyent 1999-cu il təvəllüdlüdür. İxtisas seçimi iyulun 2-dən 10-dək həyata keçiriləcək. İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılacaq. Ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçmiş cari il məzunlarının bu təhsil pilləsinə (kolleclərə) müsabiqəsi buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq. Belə ki, həmin kateqoriyadan olan abituriyentlər kolleclərə qəbul olmaq üçün buraxılış imtahanından əlavə imtahan verməyəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv