Attestasiyadan keçə bilməyən şagirdlər yenidən buraxılış imtahanı verdilər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları keçirir. APA TV-nin məlumatına görə, imtahan respublikanın 14 şəhər və rayonunda - Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmazda keçirilib. Bu imtahanlarda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmayan, eləcə də eksternat qaydasında attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət edib və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər, əvvəlki illərdə keçirilmiş buraxılış imtahanlarında məqbul qiymət ala bilməmiş şagirdlər, həmçinin üzrlü səbəbdən bu il keçirilən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan şagirdlər iştirak ediblər. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilib. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilib. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetiriblər.

  

Müəllif | Apa.Tv
Apa.tv