ATƏT PA-nın komitə iclasında erməni deputatlara xəbərdarlıq edildi!

ATƏT Parlament Assambleyasının təhlükəsizlik komitəsinin iclasında erməni deputatın çıxışı Azərbaycan və Ukrayna nümayəndə heyətlərinin kəskin etirazına səbəb olub. APA TV-nin məlumatına görə, erməni deputat Artaşes Geqamyanın Dağlıq Qarabağ münaqişəsi zamanı oradan çıxan əhaliyə erməni tərəfinin "sülh dəhlizi" verməsi məsələsinə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova kəskin reaksiya verib. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycan ərazisidir və etnik azərbaycanlılar oradan məcburən köçürülüb.

 

"Azərbaycan əhalisini öz ərazisi olan Qarabağdan sülh dəhlizi vasitəsi ilə ev-eşiyini tərk etməyə vadar etmək hüququnu təcavüzkar Ermənistana kim verib? Sülh dəhlizinin burada olduğunu vurğulayıb bunu da günah kimi Azərbaycanın ayağına yazmaq sizin təcavüzkar simanızı bu çirkabdan təmizləməyəcək".

 

Kəskin etirazlara səbəb olan çıxışında erməni deputat Xocalı faciəsinin utancverici olduğunu etiraf edib.

 

"Xocalı faciəsini xatırlatmaq məni təşvişə saldı. Mən keçmişi qarışdırmaq istəmirəm. Amma orada baş verənlər tək burada oturanların deyil, bütün dünyanın utancıdır ki, 20-ci əsrdə belə bir faciə baş verib".

 

İrəvanın vaxtilə Azərbaycan torpaqları olması fikrinə etiraz edən Artaşes Geqamyanın cavabı isə Azərbaycanlı nümayəndə heyəti tərəfindən belə verilib.

 

"İrəvan tarixi Azərbaycan torpağıdır Bir daha təkrarlayıram. 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik cümhuriyyətin dekreti qonşu dövlətlərin o vaxt Azərbaycana yönəltdiyi təzyiqlərin nəticəsində məhz İrəvanın bağışlanması ilə bağlı olub. Biz bu qərarı öz cümhuriyyətimizə bağışlamırıq".

 

 

Bahar Muradova bildirib ki, dağlıq Qarabağ milləti deyilən bir anlayış yoxdur, orada sadəcə etnik ermənilər yaşayır. Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycan vətəndaşlarıdır və ölkə onların bugünkü durumu üçün çox narahatlıq keçirir.

 

İclasda erməni deputat Dağlıq Qarabağı Krımla müqayisə edərək, Azərbaycanla yanaşı, Ukraynanı da ittiham edib. O, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını müəyyən etdiklərini bildirərək, Krımda da “Krım milləti”nin öz müqəddəratını referendum yolu ilə həll etdiklərini iddia edib.

 

 

Onun ardınca söz alan Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski sessiya rəhbərliyinə erməni nümayəndə heyətindən şikayət edib, onları siyasi etikaya riayət etməyə çağırıb:

 

 “İki gündür, burada erməni nümayəndə heyəti iki beynəlxalq prinsipi: xalqların öz müqəddəratını müəyyən etməsi və ərazi bütövlüyü məsələsini qəsdən qarışdıraraq bir-birinə qarşı qoyur, bununla da beynəlxalq missiyanı çaşbaş salmağa çalışır. Cənab Geqamyan, siz doğurdanmı anlamırsınız ki, “Krım milləti deyilən millət yoxdur. Orada Krım tatarları və digər etnik xalqlar var ki, Ukraynanın daxilində muxtar respublika kimi yaşayırlar. İndi Ukraynanın bu ərazisi işğal olunub, necə ki, siz Dağlıq Qarabağı işğal etmisiniz".

 

 

 

Daha sonra təşkilatçılar Artaşes Geqamyan və digər erməni deputatı sessiyanın nizamnaməsi barədə təlimatlandırıblar. Nizam-intizam qaydalarını pozduqları onların diqqətinə çatdırılıb, bir daha belə hallara yol verməmələri barədə xəbərdarlıq olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv