Göyçayda kanalda batan tələbənin meyiti tapılmır
Göyçayda 16 yaşlı tələbə su kanalında boğulub. İki gündür ki, kanalda aparılan axtarış işləri davam etdirilir və hələ ki, bir nəticəsi yoxdur. Zərdab rayon sakini 16 yaşlı Elnar Məmmədov Yuxarı Şirvan kanalının Göyçay rayonunun Potu kəndi ərazisindən keçən hissəsində çimərkən boğularaq ölüb. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində təhsil alan Elnar Məmmədov dünən oxuduğu məktəbdə ilin son imtahanını verdikdən sonra axşam saatlarında kollecin digər 3 tələbəsi ilə birlikdə Yuxarı Şirvan kanalında çimməyə gedib. Onlar kanalın Potu kəndindən keçən hissəsində birgə çimsələr də, lakin Elnarın sonradan suya tək baş vurması onu ölümlə üz-üzə qoyub. Tələbə yoldaşının sözlərinə görə, ona kömək etmək istəsələr də suyun gur axımı və kanalın dərinliyi buna imkan verməyib. Onun meyitini tapmaq üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularında Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış qrupunun xilasediciləri cəlb olunub. Bu gün aparılan axtarış işləri hələlik, bir nəticə verməyib. Hazırda tələbənin meyitinin tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.