Zaqatala və Qaxda zəlzələ təşvişi: sakinlər küçədə gecələyiblər
Zaqatalada baş verən zəlzələ nəticəsində evlərdə çatlar yaranıb, divarların bir hissəsi uçub. İnsanlar zəlzələ anında evlərini tərk ediblər. Bir neçə ailə evlərində yaranan qəzalı vəziyyətə görə çadırda gecələyib. APA TV-nin xəbərinə görə, zəlzələ rayonun Aşağı Tala və Muxax kəndlərində daha çox hiss olunub. Sakinlər bildiriblər ki, yer sarsıntısı onları qorxudub.
Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ iyunun 29-da saat 22.26-da Zaqataladan 14 km cənub-qərbdə qeydə alınıb. 12 km dərinlikdə baş verən zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 6.0 bala qədər hiss olunub.
Yeraltı təkanlar Qaxda da hiss olunub. Qax şəhərində hər kəs küçələrə axın edib. Zəlzələ əsasənçoxmərtəbəli yaşayış binalarında hiss olunub. Yarana biləcək xoşagəlməz hadisənin baş verməməsi üçün, sakinlərə tez bir zamanda evlərinə qalxmamaları tövsiyyə olunub.
Zəlzələ baş verən anda Qax rayon Təcili Tibbi Yardım Məntəqəsinə eyni anda 2 çağırış daxil olub. Hər iki çağırış təzyiq, həyəcan, stress keçirmə və qorxma ilə əlaqədar olub. Təşvişə düşən sakinlərə ilkin yardımlar göstərilib.