“Toyota Land Gruiser” aşdı, iki qardaş və onların əmisi öldü - YENİLƏNİB
Bu gün səhər saatlarında 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Tədqiqat şöbəsinin baş müstəntiqi Ceyhun Axundovun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun 327-ci kilometrliyində, Goranboy rayonunun Borsunlu kəndi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü Habil Qasımovun idarə etdiyi “Toyota Land Gruiser” markalı avtomobil aşıb. Qəza zamanı sürücü ilə iki sərnişin - 1945-ci il təvəllüdlü Abgül Qasımov və 47 yaşlı Faiq Qasımov ölüb. Digər sərnişin, 1963-cü il təvəllüdlü İlkin Qasımov ağır bədən xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Dünyasını dəyişən Habil və Faiq qardaş olub. Abgül Qasımov onların əmisi, İlkin Qasımov isə əmisi oğlu olub. Dünən yaxınlarının toy məclisini keçirən qohumlar bu gün başqa bir qohumlarının yas mərasiminə gedirlərmiş.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, qəzaya səbəb sürücünün sükan arxasında yatması olub.