Ramiz Mehdiyev: “Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox gözəl təcrübə əldə edib”

Bu gün Bakıda “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfrans başlayıb. Tədbirdə çıxış edən Baş Prokuror Zakir Qaralov bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə güclü siyasi iradəyə əsaslanır.

 

APA TV-nin xəbərinə görə, ölkəmizdə korrupsiya qarşı güclü sistem yarandığını deyən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev isə vurğulayıb ki, Azərbaycan

korrupsiyaya ilə mübarizə sahəsində çox gözəl təcrübə əldə edib: "Cənab prezidentin sərəncamları ilə korrupsiya ilə mübarizə sahəsində çox mühüm qurumlar yaradılıb. Prokurorluq nəzdində korrupsiyaya qarşı mübarizə idarəsi var, “ASAN xidmət” adlı qurum yaradılıb ki, bu da çox unikal bir qurumdur".

 

Daha sonra Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin  beynəlxalq konfransın iştirakçılarına müraciətini oxuyub. Müraciətdə bildirilir ki, dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət institutlarının tətbiqi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətləridir.

 

Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov isə vurğulayıb ki, müstəqil Azərbaycanın korrupsiyaya qarşı mübarizə tarixi çox qədim olmasa da, bir sıra çətinlik və mərhələlərdən keçib: “Korrupsiyaya qarşı mübarizə sahəsində biz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurmuşuq. Bu fəaliyyətdə müəyyən irəliləyişlərdə əldə etmişik. bu gün tam əminliklə demək olar ki, Azərbaycanda korrupsiya ilə səmərəli mübarizə üçün bütün imkanlar mövcuddur".

 

Avropa Şurasının İnsan Hüquqları və Hüquq Məsələləri Baş İdarəsinin Baş Direktoru Filip Buoya deyib ki, dayanıqlı inkişafa yönələn yeni strateji vəzifələrin həyata keçirilməsi üçün ölkələr korrupsiyaya qarşı mübarizə üsullarının daha da təkmilləşdirilməlidir.

 

Müəllif | Apa.Tv