Fövqəladə hallar nazirinin müavini zəlzələ bölgəsində
Fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov Zaqatalada baş verən zəlzələ ilə əlaqədar rayona səfər edib. APA TV-nin məlumatına görə, nazir müavini zəlzələnin episentrində yerləşən ərazilərdə olaraq, yeraltı təkanın törətdiyi fəsadlarla yerindəcə tanış olub.
Zəlzələ nəticəsində fərdi və ictimai əhəmiyyətli tikililərə dəymiş zərəri araşdırmaq məqsədi ilə FHN Zaqatala rayonunda yaradılmış komissiyaları səhər saat 09.00-dan etibarən qrafik əsasında rayonun qəsəbə və kəndlərinə fəaliyyətə başlayıb. Nazir müavini Ragim Lətifov, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə və digər rəsmi qurumların nümayəndələri zəlzələnin baş verdiyi andan etibarən ən çox müraciətlərin daxil olduğu Göyəm, Dombabinə, Faldarlı, Sabunçu və digər rayonun ən ucqar kəndlərində olub.
Zəlzələnin fəsadları barədə dəqiq məlumat yaradılmış komissiyaların rayon ərazisində aparacağı yoxlamalardan sonra məlum olacaq. Hələlik isə, zəlzələ nəticəsində yalnız bir evin divarının uçduğu, bəzi tikililərdə ötən zəlzələ zamanı yaranmış xırda çatların genişləndiyi bildirilir.
İyunun 29-da Zaqatalada 6 bal gücündə zəlzələ olub.