Orxan Zeynalov məhkəmədə ittihamla razılaşmadı

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

 

Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları ittiham aktını elan edib. Orxan Zeynalovun Rusiya Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunduğu bildirilib.

 

APA TV-nin xəbərinə görə, ittiham aktında qeyd olunub ki, ötən il oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Nəticədə Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində ölüb, Orxan Zeynalov isə qaçıb.

 

Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs özünü ittiham üzrə təqsirli bilmədiyini deyib. O, həmin gün Moskvada yox, Kolomna şəhərində olduğunu deyib.

 

Daha sonra zərərçəkən şəxs - Yeqor Şerbakovun atası Vladimir Şerbakov ifadə verib.

 

V. Şerbakov oğlunun həyatsevər insan olduğunu deyib:  “Oğlum taksi sürüsü idi. Hadisə baş verən gecə istədiyi qız - Ksenyagildə idi. Gecə saat 3-də Ksenya zəng elədi və oğlumun öldürüldüyünü dedi. Oğlumun başqa millətlərdən çoxlu dostu vardı. Heç vaxt onlarla mübahisəsi, konflikti olmayıb. Oğlum evlənməyə hazırlaşırdı. Oktyabrın 12-də nikah mərasimləri olacaqdı”. Sitatın sonu

 

Məhkəmə şahidlərin ifadələri ilə davam etdirilir.

 

Qeyd edək ki, Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.   

 

Müəllif | Apa.Tv
Apa.tv