Partiya qərargahında qumarxana tapıldı
Türkiyədə partiya qərargahında qumar oynandığı aşkarlanıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə Adana vilayətində baş verib. Polis Güvən Partiyasının Seyhan rayon şöbəsinin binasında son 3,5 ay ərzində 13-cü dəfə əməliyyat keçirib. Hər dəfə ayrı-ayrı yerlərdə tapılan loto ləvazimatları bu dəfə divarda yaradılan gizli yerdən aşkarlanıb.
Son aylarda keçirilən əməliyyatlar zamanı partiya qərargahında qumarxana təşkil etdiyinə görə 92 nəfər haqqında tədbir görülüb. Onların əksəriyyəti cərimə edilərək, azadlığa buraxılıb. Amma görülən tədbirlərə baxmayaraq, partiya qərargahından yenə qumarxana kimi istifadə olunması barədə polisə məlumat daxil olub.
Nəhayət, polis sayca 13-cü əməliyyatını keçirib. Əməliyyatın videogörüntüləri yayılıb. Mülki geyimli polis əməkdaşları binaya daxil olaraq, kondisionerlərin içərisi, zibil qabları, tualet və anbarda axtarış aparır. "Üzv olmayanlar girə bilməz" yazılan elanın arxasında düzəldilmiş gizli yerdən qumar üçün vəsaitlər aşkarlanıb. Bundan başqa, çətin durumlarda qumar ləvazimatlarının kanalizasiyaya axıdılması üçün xüsusi boruların da quraşdırıldığı məlum olub.