Fransa millisi 1/4 finalda: “Fənərbaxça”lı futbolçu öz qapısına qol vurdu

Fransa millisi futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində Nigeriya yığmasını məğlub etdi və 1/4 finala çıxdı.

Brazilia şəhərində keçirilən qarşılaşma fransızların 2:0 hesablı qələbəsi ilə başa çatdı.

Qarşılaşmanın birinci hissəsində hesab açılmadı.

Oyunda hesabı "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba açdı. O, 79-cu dəqiqədə Fransa millisini hesabda irəli çıxardı.

Oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə isə Nigeriya millisinin Türkiyənin "Fənərbaxça" klubunda oynayan kapitanı Cozef Yobo avtoqola imza atdı. Bu, Yobonun millinin heyətində 100-cü oyunu idi.

Beləliklə, Nigeriya millisini 2:0 hesabı ilə məğlub edən Fransa yığması növbəti mərhələyə vəsiqə qazandı.

Qeyd edək ki, futbol üzrə dünya çepmpionatı Braziliyanın 12 şəhərində keçirilir. Turnirin iyulun 13-də müəyyənləşəcək qalibi 35 milyon dollar, ikinci yeritutan komanda 25 milyon dollar, gümüş müşafatçı isə 22 milyon dollar alacaq.

 

Müəllif | Apa.Tv