Hadı Rəcəbli "sosial evlər"in tikintisinin gecikməsinin səbəbini açıqladı
"İnşası gecikən "sosial evlər"in tikintisinin reallaşmasına maliyyə imkanları lazımdır. Zaman-zaman bu layihə həyata keçiriləcək". Bunu APA TV-yə Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli deyib. Onun sözlərinə görə, "sosial evlər" məfhumu ilkin olaraq iki istiqamətdə yaradılmalıdır - birinci məişət zorakılığına məruz qalan şəxslərin sığınacağı kimi, ikinci isə pentensiar xidmət müəsissələrindən dönənlərin müvəqqəti yaşaması üçün. Hadı Rəcəbli deyir ki, bu tip evlərin yaradılmasına Azərbaycan cəmiyyəti birmənalı yanaşmır: "Burda əsasən, mentalitet məsələsi öndə durur. Bir nəfər qadın həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalırsa və onu bir həftə "sosial ev"də saxlasalar, o zaman həmin qadına cəmiyyətin münasibəti necə olacaq? O, təkcə ailəsi tərəfindən deyil, qohumları tərəfindən də atılmış olacaq. Bütün bu tip suallar xüsusi düşünülmüş layihə yaratmağı tələb edir. Əslində qanun bünövrə olaraq mövcuddur. Addımların atılması isə maliyyə problemlərindən asılıdır. Zamanla bu da həll ediləcək".
Millət vəkili hesab edir ki, bu tip evlərin yaradılmasına paytaxtla yanaşı, regionlarda da ehtiyac var. Araşdırmalar göstərir ki, məişət zorakılığına məruz qalan şəxslər daha çox regionların payına düşür.