Müdafiə Nazirliyi: Zakir Həsənovun dinc sakinlərə atəş açan ermənilərin məhv edilməsi tapşırığı...

"Ermənistan tərəfi anlamalıdır ki, Azərbaycan Silahlı Qüvvələri ona layiq olduğu istənilən cavabı verməyə yetərincə gücə, qüvvəyə və maddi-texniki imkanlara malikdir".

Bu fikirləri Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bundan sonra ermənilərin dinc sakinlərimizi atəşə tutacağı təqdirdə əsgərlərimiz tərəfindən bunun əvəzinin 5-10 qat artıq çıxılacağı barədə xüsusi tapşırığını şərh edərkən deyib.

Vaqif Dərgahlı bildirib ki, müdafiənin ön xəttindəki bölmələrimiz təbii olaraq, həm postlarımıza, həm də mülki əhaliyə qarşı yönələn düşmən hərəkətlərinə dərhal və tutarlı cavab verir, onun atəş nöqtələrini susdurur: "Hətta müharibənin də öz qaydaları, öz qanunları var. Buna da riayət olunmalıdır. Ermənistan tərəfi isə heç zaman bu qaydalara riayət etməyib".

Onun sözlərinə görə, Azərbaycan tərəfinin silahlı münaqişələrdə mülki vətəndaşlara qarşı istənilən hücumları daim pisləməsi, beynəlxalq humanitar və insan hüquqları barədə qanunlara qəti şəkildə riayət edilməsi çağırışlarına baxmayaraq, Ermənistan dinc sakinlərə qarşı müharibəni davam etdirir, Cenevrə Konvensiyasını, həmçinin Ümumdünya İnsan Haqları Bəyannaməsinin müvafiq maddələrini kobud surətdə pozur. Bu kimi halların qarşısını almaq üçün humanitar və insan hüquqlarını pozan Ermənistan hərbçilərinin cinayət məsuliyyətinə cəlb olunması vacibdir və beynəlxalq qurumlar tərəfindən müvafiq tədbirlər görülməlidir.
 

Müəllif | Apa.Tv
Apa.tv