AKP Ərdoğanı prezidentliyə namizəd göstərdi

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası prezidentliyə namizədini açıqlayıb. APA TV-nin məlumatına görə, namizəd AKP-nin Ankara Ticarət Odasının toplantı salonunda keçirilən təntənəli mərasimdə açıqlanıb. Partiya sədrinin siyasi və hüquqi məsələlər üzər müavini Mehmet Əli Şahin AKP-nin seçkilərdə namizədinin baş nazir Rəcəb Tayyip Ərdoğan olduğunu açıqlayıb. Onun sözlərinə görə, qanunvericiliyə əsasən, ən azı 20 millət vəkili bu namizədliyi dəstəkləməlidir. Mehmet Əli Şahin AKP millət vəkillərinin hamısının Rəcəb Tayyip Ərdoğanın namizədliyinin irəli sürülməsi üçün hazırlanan sənədə imza atdığını deyib. Daha sonra baş nazir Ərdoğanın həyatından bəhs edən film nümayiş olunub. Film nümayişindən sonra kürsüyə çıxan baş nazir öz platformasını açıqlayıb.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri avqustun 10-da keçiriləcək. İlk turun nəticələrin avqustun 11-də açıqlanacaq. Namizədlərin prezident seçilməsi üçün ilk turda 50 faizdən çox səs toplamalıdır. Namizədlərin heç biri lazım olan miqdarda səs toplamasa, ən çox səs qazanmış iki namizəd növbəti turda mübarizə aparmaq hüququ qazanır.

Müəllif | Apa.Tv
Apa.tv