İdarə rəisi: "Korrupsiya faktları ilə bağlı müraciətlərin 5-10 faizi cinayət tərkibli olur"

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin "Qaynar xətti"nə korrupsiya faktları ilə bağlı edilən müaciətlərin 5-10 faizi cinayət tərkibli olur. APA TV-nin məlumatına görə, bunu idarənin rəisi Kamran Əliyev "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransın 2-ci günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, ölkə vətəndaşları "Qaynar xətt" vasitəsilə idarə ilə birbaşa əlaqə saxlayıb məlumat verə bilirlər: “İdarənin nəzdində korrupsiyaya qarşı mübarizə məqsədilə yaradılmış "qaynar xəttə" zəng edən vətəndaşların müraciətlərinə operativ cavab verilir və müraciətlər arasında cinayət faktları olduqda, onlarla bağlı təcili və təxirəsalınmaz tədbirlər görülür. Bu məlumatlar həm ölkədəki vəziyyəti təhlil etməyə, həm də problemli sahələri müəyyənləşdirməyə imkan verir. Lazım gəldikdə həmin müraciətlər əsasında müvafiq nazirliklərə və digər dövlət qurumlarına sorğular verə bilirik”.

Kamran Əliyev konfrans iştirakçılarına idarənin korrupsiyaya qarşı mübarizə təşkilatları ilə sıx əməkdaşlıq etdiyini də diqqətə çatdırıb: “Bizim bir çox beynəlxalq təşkilatlarla əlaqələrimiz var. Əməkdaşlarımız beynəlxalq tədbirlərdə, seminarlarda iştirak edirlər. Bundan başqa korrupsiya ilə mübarizə aparmaq üçün təbii ki, QHT və vətəndaş cəmiyyətləri ilə də sıx əməkdaşlıq etmək lazımdır. Bu istiqamətdə də öz fəaliyyətimizi mütəmadi olaraq davam etdiririk. Qeyd etmək istərdim ki, iki il əvvəl bununla bağlı saziş də imzalamışıq”.

İdarə rəisi deyib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə hökm sürən siyasi iradə və belə ixtisaslaşmış qurumun mövcudluğu gələcəkdə də fəaliyyətimizi təkmilləşdirməyə imkan verəcək.

 

Müəllif | Apa.Tv