İşə qəbulla bağlı müəllimlərin ərizə qəbuluna başlanıb
İyulun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb.
APA TV-nin məlumatına görə, müsabiqəyə 2974 vakant yer çıxarılıb. Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib. Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul tarixində saat 18:00-da başa çatacaq. 16-19 iyul 2014-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcəkdir. İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması nəzərdə tutulub.