Ermənilərin təklifləri qəbul edilmədi
ATƏT Parlament Assambleyasının Bakıda Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsinin iclasında millət vəkili Azay Quliyevin təqdim etdiyi “ATƏT regionunda mədəni mülkiyyətin müdafiəsi” qətnamə layihəsi qəbul olunub. APA TV-nin xəbərinə görə, layihənin 13-cü bəndinə qeyd edilir ki, beynəlxalq və qeyri-beynəlxalq silahlı münaqişələr, o cümlədən işğal zamanı ölkələr mədəni mülkiyyətləri beynəlxalq hüququn prinsip və müqavilələrinə, o cümlədən UNESCO-nun tövsiyələrinə uyğun qorumalıdır. Emənistan nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan təklif edib ki, ölkələr konkret olaraq öz ərazilərində mədəni mülkiyyətin qorunması fəaliyyətini həyata keçirsin: "Erməni nümayəndə heyəti bu qanunu qəbul edir və onu çox aktual hesab edir".
Qanun layihəsinin müəllifi Azay Quliyev bu dəyişikliyə qarşı çıxıb: "Münaqişədən əziyyət çəkən ölkələrlə bağlı bu düzəliş qəbul edilə bilməz. Çünki ərazisi işğal edilən dövlət işğal altındakı ərazilərdə mədəni mülkiyyəti qoruya bilməz”.
Düzəliş 14 lehinə, 18 əleyhinə, 9 bitərəf olmaqla qəbul edilməyib.
Daha sonra Artaşes Qeqamyan ATƏT regionunda mədəni mülkiyyətin qorunmasına dair yeni mexanizm yaradılması ilə bağlı qətnamə layihəsində yer alan müddəaya qarşı çıxıb. Azay Quliyev isə ATƏT regionunda mədəni mülkiyyətin qorunması üçün əlavə mexanizm yaradılmasını zəruri saydıqlarını vurğulayıb. Onun sözlərinə görə, belə mexanizmin yaradılması mədəni mülkiyyətin qorunmasını asanlaşdıracaq. Lakin təklif 11 lehinə, 31 əleyhinə, 6 bitərəf olmaqla rədd edilib.
Sonda qətnamə layihəsi səsverməyə çıxarılıb və qəbul olunub.