Bahar Muradova: "Qaçqın probleminin həlli üçün..."

"Qaçqınların problemlərinə son qoymaq üçün ilk növbədə konfliktləri önləməyə çalışmaq lazımdır".

 

APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova komitə iclasında müzakirə edilən ATƏT regionunda qaçqınların vəziyyəti ilə bağlı qətnamə layihəsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, dünyada mövcud olan 51 milyon qaçqının bir milyonu Azərbaycanın payına düşür: "Bu da münaqişədən əziyyət çəkən insanların öz ev-eşiyini tərk etməsi nəticəsində baş verib. Bu illər ərzində insanlar çox böyük məhrumiyyətlərə məruz qaldılar. Həyatlarını, əzizlərini itirdilər. Ləyaqətləri alçaldı. Öz ölkələrində qaçqın və məcburi köçkünə çevrildilər. Bu illər ərzində onların həyat şəraitinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiyası, onların sosial problemlərinin həlli istiqamətində Azərbaycan hökuməti çox ciddi işlər gördü, təcrübə qazandı".

 

Bahar Muradova bu təcrübədən yararlanmağın arzuedilən olmadığını desə də, vəziyyətin getdikcə pisləşməsinin bunu labüd etdiyini bildirib: "Bu ağırlığın ən azı ATƏT ölkələri üçün bərabər sayda bölünməsinə çalışmalıyıq. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş ölkə olsa da, burada qaçqınların sayı artıq 1 milyon 200 min  olub. Bunların problemini həll etmək çox çətindir. Biz bunu hər gün hiss edirik. Bunu etməyə çalışırıq, amma biz bu insanların heç 30 faizinin problemlərini həll edə bilməmişik. Ona görə də bu insanların problemlərinə son qoymaq üçün konfliktlərə qarşı birgə səyləri ortaya qoymaq lazımdır".

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri bu istiqamətdə səyləri birləşdirməklə yeni mexanizmlərin yaradılmasının mümkünlüyünü qeyd edib.

 

Qətnamə layihəsi Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər Komitəsi üzvləri tərəfindən qəbul edilib. 

Müəllif | Apa.Tv