Nazir: "İnsanlar meşələrə kabab məhəbbəti ilə baxırlar"
Son vaxtlar ağac kəsmə halları kəskin azalıb. APA TV-nin məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov jurnalistlərə açıqlamasında bildirib ki, ağacların qırılmasının qarşısını almaq üçün nazirlik sərt tədbirlər görür.
"Son dövrlər belə hallar ancaq böyük layihələrin icrası ilə bağlı tikinti işləri, yol genişləndirilməsi, xəstəxanaların və uşaq bağçalarının inşası zamanı baş verir. Burda isə hüquqpozma ondan ibarətdir ki, vacib obyekt tikilir deyə, ağaclar köçürülə bilər. Amma müvafiq icra orqanları vaxtında müraciət etmirlər. Vaxtında müraciət olunsa, nazirlik çıxış yolu tapar. Biz ümid edirik ki, qazlaşma, alternativ yanacaq, mühafizə işinin sərtləşdirilməsi buna kömək olacaq. Çox vaxt ocaq qalayırlar, söndürmədən çıxıb gedirlər. İnsanlar meşəyə kabab məhəbbəti ilə yox, ana məhəbbəti ilə müraciət etsinlər".
Nərə balıqlarının qanunsuz ovlanmasından danışan nazir bildirib ki, buna qarşı mübarizədə bütün vasitələrə əl atırlar, lakin...
"Tək Bakıda deyil ki, siz elə öz zonanızdan danışın. Siyəzəndən, Dəvəçidən, Şabrandan deyin. Çəki kimi balıqları mövsümdə tuturlar. Çalışırsan insanların durumu nəzərə alınsın. Nərəkimilərin 90 faizi bizim nazirliyin nəzdindəki balıqartırma zavodunun məhsullarıdır. O balıqlar yırtıcıdır. Onlar böyüyənədək sahildən uzaqlaşmırlar. Onları tutub satırlar. Mübarizə vaxtı bütün vasitələrə əl atırlar".
Qeyd edək ki, Hüseyn Bağırov Qusarda vətəndaşları qəbul edib. Qəbulda Qusarla yanaşı Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşlar da iştirak ediblər. 50-dən çox vətəndaşın müraciət etdiyi görüşdə bir sıra məsələlər yerindəcə həllini tapıb və müraciətlərin operativ həlli üçün zəruri tədbirlərin görülməsi təmin edilib. Digər müraciətlərin araşdırılaraq həll edilməsi üçün tapşırıqlar verilib. Nazirliyə aid olmayan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.