Bağlanan ümumtəhsil müəssisələrinin şagirdlərinin yerləşdirilməsinə başlanıb

İyulun 1-dən etibarən Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrinin şagirdlərin yerləşdirilməsinə başlanıb. APA TV-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib ki, yerləşdirilmə üçün şagirdlərə və valideynlərə Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində yerlər təqdim olunur.

 

"Hazırda valideynlərin qəbulu prosesi aparılır ki, qəbul həm Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət vasitəsilə, həm də valideynlərin övladlarının təhsil almaq istədikləri ümumtəhsil məktəblərinə birbaşa müraciət etməsi ilə həyata keçirilir. Fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrin şagirdləri qeydiyyata alınacaq, sentyabrdan isə onlar təhsillərini müvafiq məktəblərdə davam etdirəcəklər".

 

Arzu Tairquliyeva onu da bildirdi ki, fəaliyyətinin dayandırılan 11 liseydən yalnız 3-ü Bakı şəhərində yerləşib. Həmin liseylərdə Azərbaycan və rus bölməsi daxil olmaqla 1600 şagird təhsil alıb.  Bütün şagirdlərin yerləşdirilməsi üçün onlara və valideynlərə 6 minə qədər yer təqdim olunur. İdarə rəsmisi deyir ki, şagirdlər Təhsil İdarəsinə regionlardan da müraciət edə bilərlər. Onlar özlərinə uyğun və münasib olan məktəblərə müraciət edərək təhsillərini orada davam etdirəcəklər. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumi təhsil müəssisələrində təhsil alan 3200 şagirdin təhsili ilə 397 müəllim məşğul olub. İyunun 18-də Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və “Araz Kursları” MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilib. Təsisçilərin qərarına əsasən, Ağdaş Liseyi, Bakı Liseyi, Dədə Qorqud Liseyi, Qafqaz Gimnaziyası, Gəncə Liseyi, Quba Liseyi, Lənkəran Liseyi, Mingəçevir Liseyi, Sumqayıt Liseyi, Şəki Liseyi, Şirvan Liseyi bağlanıb.

 

Müəllif | Apa.Tv