ATƏT PA Ukrayna məsələsi ilə bağlı qətnamə layihəsini qəbul edib

ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü yay sessiyasında ABŞ nümayəndə heyətinin sədr müavini Bencamin Kardinin hazırladığı 20 bənddən ibarət “Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən açıq-aşkar, kobud şəkildə pozulması” adlı qətnamə layihəsi müzakirəyə çıxarılıb. APA TV-nin məlumatına görə, sənəddə deyilir ki, ATƏT-in Helsinki Yekun Aktına əsasən üzv ölkələr bir-birinin suveren hüquqlarını və sərhədlərin toxunulmazlığı prinsiplərini tanımalı, başqasının daxili işlərinə qarışmamalı, güc tətbiq etməməli, beynəlxalq hüququn tələblərinə əməl etməlidir. Sənəddə qeyd olunur ki, Rusiya 1994-cü ildə Ukraynanın təhlükəsizliyi ilə bağlı Budapeşt Memorandumunu imzalasa da, 2014-cü ilin fevralından etibarən bu prinsipləri pozub. Qətnamədə Ukraynanın suverenliyi və beynəlxalq hüquq çərçivəsində təsbit olunmuş ərazi bütövlüyünün tanındığı bəyan edilib.

Rusiyalı deputat Oleq Lebedev isə qeyd edib ki, Krım Ukraynadan ayrılmaq üçün hüquqi yol keçib və orada qanuni referendum baş tutub. O, həmçinin misal çəkərək qeyd edib ki, ABŞ Kosovonu ayırarkən bu hüquqi yolu təmin etməyib.

Almaniya nümayəndə heyətinin rəhbəri Doris Barnett deyib ki, ölkəsi Ukraynanın nə şərqində, nə də qərbində müharibə getməsini istəyir. O regionda regionda müharibələrin təkrarlanmasının yolverilməz olduğunu deyib.

Qətnamə layihəsi səsə qoyulub və lehinə 92, əleyhinə 30 səs olmaqla qəbul edilib.

ABŞ nümayəndə heyətinin sədr müavini Bencamin Kardi iclasdan sonra jurnalistlərə verdiyi açıqlamada qeyd edib ki, dondurulmuş münaqişələri həll etməkdə Rusiyanın üzərinə böyük məsuliyyət düşür: “Buna rəğmən Rusiya dondurulmuş münaqişələrin həllinə kömək etmək istəmir. Birləşmiş Ştatlar belə münaqişələrin miqyasının kiçilməsini istəsə də, əslində Rusiya buna ciddi dəstək vermir”.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı