Cəlilabad sakininin quyuya düşmüş inəyi xilas olunub

Cəlilabadda su quyusuna düşən inək xilas olunub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə rayonun Ocaqlı kənd sakini Narıngül  Qocaxan qızı Bayramovaya məxsus fərdi həyətyanı  sahədə qeydə alınıb. Belə ki, ev sahibinin iribuynuzli mal-qarasından biri üstünə şifer qoyulmuş su  quyusunun üstündən keçərkən, şifer inəyin ağırlığına tab gətirməyərək sınıb və inək 12 metr dərinliyindəki quyuya düşüb.  Ev sahibi  qonşuların köməyi ilə inəyi quyudan çıxarmağa çalışsa da,  heyvanın çəkisi ağır olduğundan onu oradan çıxarmaq mümkün olmayıb. Daha sonra Fövqəladə Hallar Nazirliyinin “112” xidmətinə zəng olunub və dərhal hadisə yerinə qurumun xilasetmə qrupunun əməkdaşları  cəlb olunublar. Məhz onların səyləri nəticəsində çəkisi 180 kiloqram olan heyvan sağ-salamat quyudan çıxarılaraq sahibinə təhvil verilib.

Müəllif | Apa.Tv