Şəmkirdə yüksək sürətlə hərəkət edən “VAZ 21015” qəza törədib

Şəmkir rayonunda bir nəfərin yaralanması ilə nəticələn yol nəqliyyat qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-TV-nın Qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax-Gürcüstan avtomagistral yolunun 390-cı kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Rayonun  Dəllərcəyir kənd sakini 27 yaşlı Vüqar Məmmədov idarə etdiyi “VAZ 21015” markalı avtomobillə Qazax İstiqamətində hərəkətdə olarkən həmyerlisi Nofəl Matıyevin idarə etdiyi “Ford Tranzit” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ 21015”-in sürücüsü Şəmkir rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağır qiymətləndirilir. İlkin ehtimallara görə, qəzaya səbəb “VAZ 21015” in yüksək sürətlə hərəkət etməsi olub. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli