Şəkidə Beynəlxalq Musiqi Festivalı başlayır
Azərbaycanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan Şəki yenidən öz qapılarını “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının üzünə açıb. APA TV-nin məlumatına görə, Şəki şəhərindəki XIX əsrə aid tarixi-memarlıq abidəsi - Aşağı Karvansaray kompleksində “İpək Yolu” V Beynəlxalq musiqi festivalının təntənəli açılış mərasimi keçirilib. Festivalda Hindistan, Çin, Türkiyə və Rusiyanın, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri maraqlı konsert proqramları ilə çıxış edəcəklər. Festivalın bu ilki iştirakçıları arasında Böyük İpək Yolu ölkələrinin, həmçinin türkdilli xalqların folklor, rəqs və musiqi kollektivlərinə üstünlük verilib. Açılışda festivalın rəmzi simvolunun təqdimatı olub. Rəsmi hissədən sonra tamaşaçılar Azərbaycan Opera və Balet Teatrının balet truppasının ifasında Niyazinin “Rast” simfonik muğamı əsasında səhnələşdirilmiş balet-tamaşanı izləyiblər. Festival 5 gün davam edəcək.