Taxıl Fondu yerli istehsalçılardan buğda qəbuluna başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb.

 

FHN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, cari ilin iyul ayının 2-dən buğda Nazirliyin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz" ASC və “Aveta” MMC vasitəsilə qiyməti bir ton üçün 240 AZN olmaqla qəbul edilir.

 

Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş bir sıra keyfiyyət göstəricilərinə cavab verməlidir.

 

Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.

 

 

Müəllif | Apa.Tv