Ramil Usubov: "Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı..."
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramı və 2013-2014-cü tədris ilinin başa çatmasına həsr olunmuş tədbir keçirilib. APA TV-nin xəbərinə görə, tədbirdə Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov, daxili işlər naziri Ramil Usubov və digər rəsmi şəxslər iştirak ediblər.
Fuad Ələsgərov Azərbaycan polisinin cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atdığını, qanunun aliliyini, insanların təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəldiyini söyləyib. Nazir Ramil Usubov isə respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının ötən 10 ildə orta hesabla 231 fakt olduğunu xatırladıb, bu rəqəmin dünya ölkələri ilə müqayisədə xeyli az olduğunu qeyd edib. Onun sözlərinə görə, bu dövrdə cinayətlərin orta illik açılması 90% olub, 3 minə yaxın cinayətkar qrup və dəstə zərərsizləşdirilib, axtarışda olan 37 mindən çox təqsirləndirilən şəxs tutulub, əllərdə qanunsuz saxlanılan 12 mindən artıq odlu silah yığılıb.
Daha sonra Polis Akademiyasını fərqlənmə ilə bitirən məzunlara diplomları və “polis baş leytenantı “ xüsusi rütbələrinin poqonlarını təqdim edilib.
Sonda şəxsi heyət tribunanın qarşısından keçid edib.