Bahar Muradova: "Əli Kərimli tədbirə ona görə buraxılmayıb ki..."

“ATƏT Parlament Assambleyasının qəbul etdiyi qərarların effektiv icra mexanizmini tapa bilməməsi hamımızı narahat edir".

Bu sözləri ATƏT PA-nın Bakıda keçirilən 23-cü yay sessiyasının plenar iclasından sonra jurnalistlərə açıqlamasında  Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib:  "10 ilə yaxındır, ATƏT PA-nın işində iştirak edirik və bu müddət ərzində qəbul olunmuş qərarların icrasında daimi çətinliklər mövcud olub. Bu, hamını narahat etsə də, qəti qərar verə bilmirik".

Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə danimarkalı parlamentar Karsten Lauritzenin AXCP sədri Əli Kərimlinin sessiyanın keçirildiyi zala buraxılmaması ilə bağlı ittihamlarına cavab verib: “Onun bura daxil olmamasının səbəbi Azərbaycan hökuməti deyil, ATƏT Parlament Assambleyası və onun daxili qaydalarıdır. Həmin şəxs vaxtında qeydə alınmış olsaydı, bu gün bu sessiyada iştirak edə bilərdi. Gördüyünüz kimi, burada çoxlu sayda mətbuat təmsilçiləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və müxalif mövqeyi ilə seçilən şəxslər iştirak edir. Onlar sadəcə, vaxtında prosedur qaydalarına əməl edib, qeydiyyatdan keçiblər və indi də zaldadırlar”.

 

Qeyd edək ki, AXCP sədri Əli Kərimli ATƏT PA-nın sessiyasının keçirildiyi zala daxil olmaq istəyib, buna icazə verilməyib.

5 sürən müzakirələrdən sonra ATƏT Parlament Assambleyasının Bakı Bəyannaməsi qəbul edilib . Sənəddə üzv dövlətlərin sərhədlərinin toxunulmazlığı və Helsinki Yekun Aktında əksini tapan ərazi bütövlüyü prinsipinə əməl edilməsinin vacibliyi vurğulanır.

 

Bundan əlavə ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının son günü quruma yeni prezident seçilib.

 

Səsvermə nəticəsində bu vəzifəyə Finlandiya nümayəndə heyətinin rəhbəri İlkka Kanerva layiq görülüb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı