Daxili İşlər Nazirliyi reydə başladı
Çimərlik mövsümünün başlanması ilə əlaqədar Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Bakı və Abşeron yarımadasında yerləşən çimərliklərdə reydlərə başlanılıb. DİN-in mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, reydlər DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamenti ilə birlikdə keçirilir. Tədbirlər əsasən, əhalinin sağlamlığına ciddi təhlükə törədən yoluxucu xəstəliklərin baş verməsi və yayılması, ətraf mühitə tullantıların atılması hallarının aşkarlanması, habelə qarşısının alınması ilə bağlı həyata keçirilir. Eyni zamanda reydlərdə əhalinin istirahəti zamanı təhlükəsizliklərinin təminatı, onların həyat və sağlamlıqlarının qorunması məqsədilə qabaqlayıcı tədbirlər də görülür.
Reydlər hazırda davam etdirilir, yekunda əldə olunan nəticələr haqqında ictimaiyyətə əlavə məlumatlar veriləcək.