Şeyx: "“Allahu-Əkbər” sədaları altında törədilən qırğının İslama aidiyyəti yoxdur"

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dünya ictimaiyyətinə müraciət edib. APA TV-nin xəbərinə görə, A.Paşazadə dinindən, dilindən, irqindən və milli mənsubiyyətinn asılı olmayaraq, bütün insanlara müraciət etdiyini vurğulayıb. Şeyx müraciətində İraqda cərəyan edən dəhşətli cinayətlər, insan qətllərindən narahat olduğunu bildirib, bu ölkədə baş verənləri olduqca təhlükəli hesab edib: "Hesab edirik ki, bu, nəinki müsəlmanlara, habelə bütün bəşəriyyətə qarşı yönəlmiş təxribatdır, belə ki, İslam bir günahsız insanın öldürülməsini bütün bəşərə qarşı cinayət kimi dəyərləndirir".

 

Şeyx hər kəsi Yaxın Şərqdə baş verən faciələrə biganə qalmamağa çağırıb. "Mübarək Ramazan ayının daxil olmasını nəzərə alaraq, müsəlman dünyasının gərgin nöqtələrində - İraq, Suriya, Əfqanıstan, Fələstin və s. müsibətlərin sona yetməsi üçün gedən döyüşlərin dərhal dayandırılmasını, minlərlə insanın həyatını məhv edən davamlı terror hadisələrinə son qoyulmasını, bu torpaqlarda böyük tarixi və dini önəm kəsb edən abidə və ziyarətgahların məhvinin durdurulmasını, sülh və əmniyyətin bərqərar olmasını vacib sayırıq".

 

Müraciətdə deyilir ki, təhlükə ənənəvi dinlərdən, onların təlqin etdiyi müqəddəs dəyərlərdən deyil, din adından sui istifadə edənlər, dini ehkamları təhrif edənlərdən qaynaqlanır. İslam adından, “Allahu-Əkbər” sədaları altında gerçəkləşdirilən qardaş qırğınının İslama heç bir aidiyyəti yoxdur.

 

 

Müəllif | Apa.Tv