Sərxoş kişi qızmar günəşin altında yatdı... və keçindi

Ağdamın Baharlı qəsəbəsində əkin sahəsində kişi meyiti tapılıb. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, ərazinin yaxınlığında oynayan balaca uşaqlar bir nəfərin hərəkətsiz vəziyyətdə qaldığını görüb, yerli sakinlərə xəbər veriblər. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, həmin şəxs məcburi köçkünlər üçün salınan qəsəbədə yaşayan Məmmədov Ceyhun Vidadi oğludur. Onun ürək çatışmazlığından keçindiyi müəyyən edilib. Sakinlərin sözlərinə görə, Ağdam şəhərindən məcburi köçkün olan 48 yaşlı Ceyhun Məmmədov iki dəfə ailə həyatı qursa da, tufeyli həyat sürüb, alkoqol aludəçisi olub. Ölümündən bir neçə saat əvvəl də o, həddinən artıq spirtli içki qəbul edib. Ceyhun Məmmədov sərxoş vəziyyətdə qızmar günəşin altında yatıb və oyanmayıb.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv