Bakı-Qazax yolunda dəhşətli qəza: 1 ölü, 10 yaralı
Ağdaşda 1 nəfərin ölümü, 10 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə Bakı-Qazax yolunun 261-ci kilometrliyində Ağdaş rayonu ərazisində qeydə alınıb. Ucar rayon sakini, 62 yaşlı Fərman Hacıyevin idarə etdiyi “VAZ 21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkətdə olan, Gürcüstan vətəndaşı, 29 yaşlı Adil Nəzərovun idarə etdiyi “Ford” markalı mikroavtobus toqquşub. Nəticədə “VAZ 21011”-in sürücüsü hadisə yerində dünyasını dəyişib. “Ford”un sürücüsü və 9 sərnişini isə müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlardan 7-si Bakı sakinləri - 30 yaşlı Samir Hacıyev, 33 yaşlı Sərminə Hüseynova, Sumqayıt sakinləri - 67 yaşlı Ədalət Osmanov, 29 yaşlı Tarif Mirzəyev, 42 yaşlı Yeganə Qəzənzadə və 49 yaşlı Turac Namazova və sürücü Adil Nəzərov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Daha 3 nəfər Sumqayıt sakinləri - 63 yaşlı Gülpəri Osmanova, 25 yaşlı Əzizə Əliyeva və Gürcüstan vətəndaşı 62 yaşlı Əsgər Əliyev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.