Avropa Liqası: “Qəbələ” – “Şiroki Briyeq” - 0:2
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin oyunları keçirilib. APA TV-nin verdiyi xəbərə görə, Azərbaycan kubokunun finalçısı, Topaz Premyer Liqasının bürünc mükafatçısı “Qəbələ” doğma arenada Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubu ilə qarşılaşıb.
Görüşün ilk hissəsi “Qəbələ”nin ərazi üstünlüyü şəraitində keçib. Bununla belə, nə meydan sahibləri, nə də qonaqlar qapılar önündə real təhlükə yaratmağı bacarıb.
Fasilədən sonra rəqib özünə gəlib və oyuna daha aktiv başlayıb. Bosniya və Herseqovina təmsilçisinin ən təhlükəli futbolçusu olan Vaqner 73-cü dəqiqədə sol cinahdan irəliləyərək iti bucaq altından endirdiyi zərbə ilə hesabı açıb. Vaqner 88-ci dəqiqədə də fərqlənərək, görüşdə son nöqtəni qoyub.
Beləliklə, “Qəbələ” avrokuboklarda debütündə azarkeşlərini sevindirə bilmədi.