Riçard Morninqstar: "ABŞ və Azərbaycan güclü tərəfdaşlığa malikdir"

ABŞ-ın Azərbaycandakı səfirliyində ABŞ-ın Müstəqillik Günü qeyd olunub. APA TV-nin məlumatına görə, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar  238-ci müstəqillik bayramının qeyd olunduğunu diqqətə çatdıraraq ABŞ-ın müstəqillik tarixi barədə məlumat verib.

 Riçard Morninqstar ABŞ ilə Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrdən də danışıb. Səfir ölkələrimiz arasında güclü əməkdaşlığı təqdir etdiklərini bildirib:  "Birləşmiş Ştatlar  20 ildən çoxdur ki, Azərbaycanın suverenlik və müstəqilliyini dəstəkləyir. Biz demokratik,  firavan və təhlükəsiz cəmiyyəti təşviq etmək üçün Azərbaycanla birgə işimizi davam etdiririk. Münasibətlərimizdə enişli-yoxuşlu məqamlar həmişə olsa da, ABŞ  və Azərbaycan güclü tərəfdaşlığa malikdir və inanıram ki, bu tərəfdaşlıq yalnız güclənəcək. Dövlət katibi Con Kerri də  bildirib ki, ABŞ bu münasibətlərə və bütün azərbaycanlılar üçün daha parlaq gələcəyin təmin olunmasına sadiqdir".

 

Maliyyə naziri Samir Şərifov isə deyib ki, Azərbaycan ilə ABŞ-ı bütün sahələrdə səmimi dostluq, qarşılıqlı faydalı əməkdaşlıq birləşdirir . Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi problemin tənzimlənməsində ABŞ-a böyük ümidlər bəsləyir.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı